BAKI, 23 aprel. TELEQRAF
"Mənim psixologiyam özümə aiddir. Dünənim, keçmişim xoş xatirələrdir".
Bunu Teleqraf-a açıqlamasında "Araz-Naxçıvan"ın futbolçusu Qara Qarayev keçmiş komandası "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşü barədə danışarkən deyib.
O, matça normal hazırlıq keçdiyini bildirib: "Bu gün buradayam, futboldan uzaq qalmamağa, daha çox oynamağa çalışıram. Heç bir xüsusi hazırlıq və motivasiyam yox idi. Amma "Qarabağ"a həmişə hörmət etmişəm, orda doğulmuşam, orda böyümüşəm, orda futbola başlamışam. Hörmətim həmişə eynidir, oyuna görə artıb-azalmır. Onları xüsusi rəqib kimi görmürəm. Hər şey qaydasındadır. Matça normal hazırlaşmışdım. Xüsusi bir şeyim yoxdur".
Qarayev komandasının "Qarabağ"la oyunlarda layiqli mübarizə apardığını bildirib: "Təkcə hücumları dəf etmirdik, həm də hücum qururaraq real qol imkanları yaratdıq. Amma bunlardan yararlana bilmədik. "Qarabağ"a qarşı oynamaq çətindir. Düşünürəm ki, həm birinci həm də ikinci oyunda layiqli mübarizə apardıq. Bəlkə də daha çox imkanlarımızı qola çevirsəydik, fərqli ssenari olacaqdı. Hər halda, "Qarabağ"ın kubokda bizdən daha çox oyun təcrübəsi var".
O, verilməyən penalti ilə bağlı da danışıb: "Orada iki müəmmalı epizod var idi. İlk hissədə Karlos Jatoba topa oynamışdı, Bəhlul Mustafazadə isə onun arxasından. Mənə görə bu penalti idi. Bu epizodlarda dəqiq nə isə qərar vermək olmur. Baş hakimə yaxınlaşırsan, deyir ki, şiddət yoxdur, o birinci oynayıb. Qərar verə bilmirəm. Nə isə demək çətindir".
33 yaşlı futbolçu Azərbaycan Premyer Liqasında keçirəcəkləri son 5 oyunda təslim olmayacaqlarını vurğulayıb: "Yanvardan sonra heyətimizlə bağlı ciddi problemlərimiz oldu. Zədəli futbolçularımız var idi, hətta mən də bir ay buraxmalı oldum. Bəzi zədəlilər qayıtsa da, optimal formanı bərpa etmək çətin məsələdir. Buna baxmayaraq, sona qədər döyüşəcəyik. Düşünürəm ki, yaxşı yerlərə layiq komandayıq. UEFA Avropa Liqası və ya Konfrans Liqasına vəsiqə qazanmağımız klub üçün daha önəmli addım olacaq. Azarkeşlərimizi və idman ictimaiyyətini inandıracağıq ki, daha yaxşı uğurlar qazana bilərik. O baxımdan, Konfrans Liqası bizim üçün çox əhəmiyyətli və önəmlidir. Qarşıda oyunlarımız var, yenə də döyüşəcəyik. Təslim olmamışıq və olmaq da fikrimiz yoxdur".
O, növbəti oyunlara optimal dərəcədə hazırlıqlı olmalarının gərəkliyini dilə gətirib: "Bəzən 100 faiz hazır olmaq da problemə səbəb olur. Çalışmalıyıq ki, oyunlara ən optimal dərəcədə hazır olaq. 100 faiz hazırlaşmaq ziyanımıza ola bilər. Kuboka görə 4-5 gündən bir oyunlarımız olurdu, bu da bizə çətinlik yaradırdı. Düşünürəm ki, bu gün heç də pis təsir bağışlamadıq. Bu tempi qoruya bilsək, daha yaxşı nəticələr əldə edəcəyik".
Qeyd edək ki, Qara Qarayev 1992-ci ildə Füzulidə anadan olub və "Araz-Naxçıvan"dan öncə "Neftçi"də, daha əvvəl isə 2011 - 2023-cü illərdə "Qarabağ"da forma geyinib.