
BAKI, 26 mart. TELEQRAF
DOST mərkəzlərində xidmətlərin sayı 161-ə çatdırılıb.
Bu barədə Teleqraf-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, DOST mərkəzlərində Prezident İlham Əliyevin 12 mart 2025-ci il tarixli Fərmanı ilə DOST Agentliyinin Nizamnaməsinin və mərkəzlərdə göstərilən xidmətlərin siyahısının mövcud qanunvericilik aktlarına uyğunlaşdırılması, optimallaşdırılması və təkmilləşdirilməsi təmin edilib.
Fərmanla DOST xidmətlərinin siyahısı yeni redaksiyada verilib. Siyahıda başlıqların, bəndlərin, yarımbəndlərin məzmunu dəqiqləşdirilib, xidmətlərin bölgüsü yenidən aparılıb.
Habelə siyahıda bir sıra yeni xidmət istiqamətlər də əksini tapıb. Beləliklə, DOST mərkəzlərində əvvəl 135 xidmət və Vahid Əlaqələndirmə Mərkəzləri (VƏM) vasitəsilə 21 xidmət olmaqla, cəmi 156 xidmət göstərilirdisə, yeni siyahıya əsasən, 143 xidmət və VƏM vasitəsilə 18 xidmət olmaqla, göstərilən xidmətlərin sayı 161-ə çatdırılıb.