BAKI, 18 fevral. TELEQRAF

“Kəpəz"in mövsümün əvvəlində heyətinə qatdığı Anqola əsilli portuqaliyalı yarımmüdafiəçi Valdemar Almeydanın Azərbaycan Premyer Liqasının XXIII turunda evdə "Şamaxı" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan Teleqraf-a müsahibə verib.

33 yaşlı futbolçu əvvəlcə oyunu dəyərləndirib:

- Birinci hissəni ikincidən yaxşı oynadıq, qol vəziyyətlərimiz çox idi. Buraya 3 xal üçün gəlmişdik, amma bizim üçün 1 xal da yaxşıdır.

- Son dəqiqələrdə "Kəpəz"in hesabı qorumağa çalışdığı görünürdü. Heç-heçə sizi qane edən nəticədir?

- Futbolda qazanılan hər xal önəmlidir. Bunun faydasını mövsümün sonunda görəcəyik. Amma düşünürük ki, bu gün 2 xal itirmişik.

- Liqada qalmaq üçün gərgin mübarizə gedir. "Kəpəz"in şanslarını necə dəyərləndirərdiniz?

- Yeni gəldiyim vaxt klubun İdarə Heyətinin sədri İlqar Nadiri ilə bu barədə danışmışdım. "Kəpəz"in pis vəziyyətdə olduğunu bilirdim və buraya komandanın Premyer Liqada qalmasına kömək etmək üçün gəlmişəm. Yeni futbolçularla birlikdə vəziyyəti günbəgün yaxşılaşdırırıq. Son 5 oyunda cəmi 1 məğlubiyyətimiz var. Mövsümün sonunda liqada qalacağımıza inanırıq.

- Baş məşqçi Azər Bağırov bu oyunda qazanılacaq qələbənin "Zirə" önünə təzyiq altında çıxmamağınıza kömək edəcəyini dedi. Sizcə, növbəti oyunda futbolçularınızın üzərində təzyiq olmayacaq?

- Rəqibin güclü, yaxud zəifliyindən asılı olmayaraq, bütün oyunlara 3 xal üçün çıxırıq. Qələbə qazandığımız təqdirdə, onu unudaraq fikrimizi növbəti oyuna cəmləyirik.

- Baş məşqçiniz mərkəz oyunçularının cinahdakiları topla təmin edə bilmədiyini vurğuladı. Bununla razısınız?

- Bir liderimiz var, o da baş məşqçidir. Elə deyirsə, deməli, doğrudur. Biz də çalışacağıq ki, özümüzü inkişaf etdirərək, növbəti oyunlarda 3 xalı götürək.