
BAKI, 17 fevral. TELEQRAF
"Nəticədən razıyıq, xalımızın üstünə xal gəldi".
Teleqraf-ın məlumatına görə, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov səfərdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssis matçın gərgin keçdiyini bildirib: "Stresli oyun oldu. Biz də, "Kəpəz" də məğlub olmaq istəmirdik. Çünki hər iki komandanın xala ehtiyacı var idi. Oyunun gərginliyi oyunçularda da hiss olunurdu. Hər iki hissədə qol epizodlarımız olsa da, istifadə edə bilmədik. Adi künc zərbəsindən sonra çox sadə qol buraxdıq. Amma futbolçularım vuruşdular, meydanda istədiklərimizi etməyə çalışırdılar. Yuxarıdaki rəqiblərə yaxınlaşırıq. Çempionat çox gərgin keçir. Gələn oyunlara baxacağıq".
Abbasov hər iki komandanın 1 xala layiq oynadığını vurğulayıb: "Oyunun axarı gərgin keçirdi. Haradasa rəqibə 100 faizlik epizod verməyimiz yadıma gəlmir. Düzdür, onların yaxşı əks-hücumları oldu, amma bu da normaldır. Qol epizodlarına baxsaq, bizdə daha çox idi. Oyunun ssenarisinə görə, hər iki komanda 1 xalı haqq edirdi".
O, komandanın itkilərindən də danışıb: "Bu gün üç itkimiz var idi. Vasiliye Bakiç isinmədə zədələndi, Belaji Pusi və Leroy Mikels bizim önəmli oyunçularımızdır. Leroyun zədəsi ciddidir, bir həftə sonra məşqlərə başlayacaq. Daha bir tur buraxacağı dəqiqdir. Amma məni sevindirən odur ki, gənc futbolçular meydanda artıq daha rahat oynayırlar, komandanın önəmli üzvlərinə çevrilirlər".