BAKI, 15 aprel. TELEQRAF

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramında təhsillə əlaqəli bütün xərclər qarşılanır. Bura təhsil xərci, yəni universitetə ödəniləcək məbləğ, hər bir ölkə üzrə ayrı aylıq təqaüd, beynəlxalq nəqliyyat xərcləri, viza, sığorta xərcləri daxildir.

Teleqraf xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə qrupunun rəhbəri Turan Topalova deyib.

Onun sözlərinə görə, Dövlət Proqramına qəbul olunanlarla ikitərəfli müqavilə imzalanır.

“Öhdəliklər ondan ibarətdir ki, təhsillərini uğurla başa vurduqdan sonra ölkəmizə geri qayıdaraq 5 il əmək fəaliyyəti ilə məşğul olmalıdırlar. Doktorantura təhsil səviyyəsində isə üçüncü tərəf də var. Şərtli qəbul sənədi ilə müraciət edənlər mütləq şəkildə şərti ödədikdən sonra onların təhsillərinin maliyyələşməsi həyata keçirilir. Bəzən namizədlər proqrama seçildikdən sonra viza üçün müraciət edirlər. Ancaq ölkədən ölkəyə fərqli olaraq üçün viza müddəti uzun ola bilir. Bizim tövsiyəmiz budur ki, indidən vizaya müraciət etsinlər. Onu da qeyd edim ki, təkcə bir universitetdən qəbul sənədini yükləmək imkanları var",- T.Topalova vurğulayıb.