
BAKI, 14 aprel. TELEQRAF
“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq təşkilatı tərəfindən keçirilən “QS Stars” reytinq sistemində Azərbaycan Texniki Universitetinin (AzTU) fəaliyyəti 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib.
Bu barədə Teleqraf-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ümumilikdə 9 fərqli kateqoriya üzrə fəaliyyəti dəyərləndirilən Azərbaycan Texniki Universiteti 5 kateqoriya üzrə 5 ulduz (“mükəmməl”) əldə edib.
“QS Stars” ali təhsil müəssisələrinin müxtəlif istiqamətlərdə fəaliyyətini qiymətləndirən beynəlxalq reytinq sistemidir. Sözügedən sistem universitetlərin güclü və inkişaf etdirilməli sahələrini müəyyən etməyə dəstək olmaqla onların qlobal səviyyədə tanınmasına töhfə verir.
Türkiyə və Mərkəzi Asiya regionunun ölkələri ilə müqayisədə Azərbaycan “QS Stars” reytinq sistemində ilk dəfədən fəaliyyəti 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilən ali təhsil müəssisələrinin sayına görə lider mövqedədir",- məlumatda qeyd olunub.