BAKI, 15 aprel. TELEQRAF

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı çərçivəsində 2025-2026-cı illər üzrə üç təhsil səviyyəsinə qəbul həyata keçiriləcək.

Teleqraf xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə qrupunun rəhbəri Turan Topalova deyib.

O bildirib ki, müraciət edənlər hər üç təhsil səviyyəsi üzrə seçim qaydalarını rəhbər tutaraq tələb olunan sənədləri elektron qaydada təqdim etməlidirlər: “Sənədlərində çatışmazlıq mövcud olarsa, geri qaytarılacaq. Bu o demək deyil ki, sənədlər qəbul edilməyəcək. Həmin şəxslərə vaxt veriləcək. Hər üç təhsil səviyyəsində tədris dilinə uyğun olaraq beynəlxalq sertifikat tələbi mövcuddur. Ötən il olduğu kimi şərtli sənədlərin qəbulu ilkin mərhələdə həyata keçiriləcək. Hər iki təhsil səviyyəsi üzrə iki tövsiyə məktubu tələbi yer alır. Seçim qaydalarında tələb olunan digər sənədlərə də nəzər salmalıdırlar. Sənədlər tələb olunan şəkildə təqdim olunmalıdır. Qeyd etdiyim kimi sənədlər geri qaytarılır, onlara yenidən şans verilir".

T.Topalova vurğulayıb ki, hər üç təhsil səviyyəsində - bakalavr, magistratura, doktorantura onların kommunikasiya, özlərini inandırma bacarıqları, məntiqi mühakimə yürütmək istiqamətində yoxlanılır: "Keçid balı 40 baldır, maksimum bal isə 50-dir. Hər üç təhsil səviyyəsi üzrə müsabiqədən azad olunan təbəqə mövcuddur: bakalavr təhsil səviyyəsində beynəlxalq olimpiada qalibləri, magistratura və doktorantura təhsil səviyyəsində müraciət edən namizədlər YÜKSƏLİŞ müsabiqəsinin qalibləridirlərsə o zaman sənədlərini düzgün təqdim etdikləri halda birbaşa dövlət proqramına qəbul olma imkanı əldə edirlər".

Xatırladaq ki, 2025-2026-cı tədris ili üzrə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib.

Növbəti tədris ili üçün təsdiq olunmuş təhsil proqramlarının siyahısında 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 32 ölkəsinə aid 221 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 4405 proqram yer alır. Bununla yanaşı, bu il namizədlər dünyanın aparıcı reytinq cədvəllərində olan və ötən il əhatə olunmayan 11 ölkənin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edəcəklər.

Siyahıda bakalavriat səviyyəsi üzrə 1311, magistratura səviyyəsi üzrə isə 3094 proqram yer alır.

Siyahıda yer alan ali təhsil müəssisələrindən 15 prioritet ixtisas sahəsi əsas götürülməklə doktorantura proqramlarına qəbul almış şəxslər Dövlət Proqramına doktorantura səviyyəsi üzrə müraciət edə bilərlər.

Qeyd edək ki, müraciətlərin qəbulu iyunun 15-də yekunlaşacaq.