BAKI, 10 aprel. TELEQRAF

"4-cü qrupa hazırlaşıram. Azərbaycan Tibb Universitetinə qəbul olmaq istəyirəm."

Teleqraf xəbər verir ki, bu sözləri buraxılış imtahanında 300 bal toplayan Şəki rayonunun Orta Zəyzid kənd 1 nömrəli tam orta məktəbinin şagirdi Orxan Abdulsəmədli deyib:

"Bu nəticəni əldə etmək üçün qeyri-adi nəsə etməmişəm. Hazırlıqlara getmişəm, müəllim verən tapşırıqları yerinə yetirmişəm. Bu nəticəni gözləmirdim. Asan və çətin suallar var idi, ümumilikdə normal suallar idi. Növbəti imtahana da eyni qaydada hazırlaşacam, həkim olmaq istəyirəm."

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.