BAKI, 14 aprel. TELEQRAF

Bu gündən etibarən Dövlət İmtahan Mərkəzində (DİM) imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 5 həftə ərzində elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, aprelin 13-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. İmtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib. İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.