BAKI, 24 fevral. TELEQRAF

Beynəlxalq Gimnastika Federasiyası (FIG) rusiyalı Aleksandra Lyaminanın Bakıdakı tamblinq üzrə Dünya Kuboku mərhələ yarışında qazandığı qələbədən sonra çəkilmiş videonu yaymayıb.

Teleqraf xəbər verir ki, FIG adətən sosial şəbəkədə qaliblərin çıxışlarının videosunu paylaşır. Lakin bu halda təşkilatın "X" hesabında akrobatik cığır proqramında gümüş medal qazanmış ABŞ təmsilçisi Anastasiya Kaçalovanın çıxışının videosu yerləşdirilib.

Lyaminanın videosunu Rusiya Gimnastika Federasiyasının teleqram kanalı yayımlayıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən Dünya Kubokunda Azərbaycan millisinin üzvlərindən tamblinq növündə Adil Hacızadə qızıl, Tofiq Əliyev gümüş, qarışıq sinxron proqramda isə Selcan Mahsudova - Əli Niftəliyev dueti bürünc medal əldə edib.