BAKI, 29 noyabr. TELEQRAF

Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya Türkiyənin bu ölkədəki səfiri Mustafa Türker Ali ilə görüşündə “Beşiktaş” futbol klubunun azarkeşlərinin Batumidəki təxribatçı davranışı ilə bağlı təəssüfünü bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazir müavini qeyd edib ki, bəzi azarkeş qruplarının təxribatçı və aqressiv hərəkətləri nəticəsində stadionun infrastrukturuna ciddi ziyan dəyib və bir neçə polis əməkdaşı xəsarət alıb. Onun sözlərinə görə, Gürcüstan tərəfi mövcud risklərə baxmayaraq, iki ölkə arasındakı mehriban qonşuluq münasibətlərindən çıxış edərək türkiyəli azarkeşlərin oyunda iştirakına şərait yaradıb. L.Darsaliya Türkiyə tərəfinin azarkeşlərin davranışına lazımi qiymət verəcəyinə və ayrı-ayrı qrupların məsuliyyətsiz hərəkətlərinin iki ölkənin dostluq münasibətlərinə kölgə salmaması üçün gələcəkdə belə hallara yol verilməyəcəyinə ümidvar olduğunu vurğulayıb.

Xatırladaq ki, noyabrın 26-da Batumidə neytral meydanda Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel Beer-Şeva” komandaları arasında Avropa Liqası oyunu keçirilib. Matçdan əvvəl və birinci hissənin ortasında türkiyəli azarkeşlərlə polis arasında qarşıdurma yaranıb, oyun təxminən yarım saat dayandırılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, insident zamanı 3 polis əməkdaşı xəsarət alıb, saxlanılan 16 “Beşiktaş” azarkeşi isə sonradan sərbəst buraxılıb.