BAKI, 29 noyabr. TELEQRAF
Avropa İttifaqı (Aİ) COVID-19 pandemiyasından sonra yaradılmış bərpa fondu ("Next Generation EU") üzrə borcların qaytarılma müddətini uzatmaq imkanını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Ehtimal olunur ki, bu addım üzv ölkələr arasında ciddi fikir ayrılıqları yaradan Aİ-nin yeddiillik büdcəsini razılaşdırmağa imkan verəcək. Nəşrin yazdığına görə, borc ödənişlərinin sonraya saxlanması birliyin ümumi büdcə xərclərini azaltmağa, eyni zamanda kənd təsərrüfatı subsidiyalarının həcmini artırmağa şərait yarada bilər ki, bu da maliyyə yardımlarından ciddi şəkildə asılı olan Aİ ölkələrinin tələblərini qarşılayacaq. Məlumata əsasən, Brüssel vaxtı çatan istiqrazları yeniləri ilə əvəz etmək variantını araşdırır.
Qeyd edək ki, "Next Generation EU" fondu Avropa Komissiyası tərəfindən 2021-ci ildə 2026-cı ilin sonunadək olan dövr üçün yaradılıb və pandemiyadan sonra blokun iqtisadi dirçəliş vasitəsi kimi təqdim olunub. Həcmi 750 milyard avro təşkil edən bu vəsait avrobondların buraxılması yolu ilə ümumavropa borcu kimi cəlb edilib və indi bütün Aİ ölkələri həmin borcu ittifaqın büdcəsi hesabına geri qaytarmalıdır.