BAKI, 29 noyabr. TELEQRAF

İsveçrədə yerli istehsal olan silahların münaqişə zonalarına tədarükü və təkrar ixracına qoyulan məhdudiyyətlərin yumşaldılması ilə bağlı keçirilən referendumda dəyişikliklərin tərəfdarları səslərin ilkin hesablanmasına əsasən irəlidədir.

Teleqraf xəbər verir ki, İsveçrə Federal Dəftərxanasının rəsmi “VoteInfo” tətbiqinin aralıq məlumatlarına görə, səsvermədə iştirak edənlərin 58,06%-i silah ixracı qaydalarının yumşaldılmasına səs verib. Hazırkı məlumata əsasən, seçici fəallığı 46,83% təşkil edir.

Qeyd edək ki, İsveçrə parlamentinin daha əvvəl “Hərbi materiallar haqqında” qanuna qəbul etdiyi dəyişikliklər konfederasiyanın bitərəflik statusu ilə bağlı silah ixracına tətbiq olunan sərt qadağaları əhəmiyyətli dərəcədə yumşaldır. Səsvermə bu düzəlişlərin əleyhdarlarının təşəbbüsü ilə keçirilən referendum çərçivəsində baş tutur. İsveçrə qanunvericiliyinə əsasən, dəyişikliklərin qarşısını almaq üçün seçicilərin sadə çoxluğunun əleyhinə səs verməsi kifayətdir.