BAKI, 26 noyabr. TELEQRAF

“Bu gün ölkəmiz üçün bayram yaşatdıq. Ümid edirəm ki, hamının xoşuna gəldi”.

Teleqraf xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Barselona”ya 1:4 hesabı ilə məğlub olan “Sabah”ın futbolçusu Aleksey İsayev deyib.

O, matçdan sonra jurnalistlərə açıqlamasında qarşılaşma, Çempionlar Liqasında oynamaq təcrübəsi və komandanın növbəti oyunlardakı hədəfləri barədə danışıb.

İsayev ilk hissədə qol imkanlarından yararlana bilmədiklərini bildirib:

“Oyunun böyük hissəsini topsuz keçirdik. Onlardan öyrənəcəyimiz çox şey var. Buna görə də çalışmağa davam edəcəyik. Sadəcə yaratdığımız qol imkanlarından istifadə etməliyik”.

Futbolçu “Barselona”ya qarşı oynamağın xüsusi təcrübə olduğunu vurğulayıb:

“Çempionlar Liqasında oynayırıq. Bəli, məğlub olduq, bu, təəssüf və məyusluq doğurur. Amma kimə qarşı oynadığımızı bilirdik. Yerli futbolçuların bu gün meydana çıxıb oynamasına sevinirəm. Bu, misilsiz təcrübədir”.

Aleksey İsayev növbəti matçlarda da komandanın öz oyun üslubuna sadiq qalacağını söyləyib:

“Yəqin ki, bu gün gördünüz, müdafiəyə çəkilmədik. Rəqibə pressinq etməyə, topu ələ keçirməyə çalışırdıq. Bu, “Barselona”dır. Növbəti matçlarda da öz futbolumuzu oynayacağıq. Heç kim müdafiəyə çəkilib gözləməyəcək”.

Qeyd edək ki, “Sabah” – “Barselona” matçı İspaniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.