BAKI, 26 noyabr. TELEQRAF

“Barselona”nın baş məşqçisi Hansi Flik UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Sabah”a 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Teleqraf xəbər verir ki, almaniyalı mütəxəssis mətbuat konfransında səfərdə haqlı qələbə qazandıqlarını bildirib və rəqib komandanın çıxışını dəyərləndirib:

“Birinci hissədə topa sahib olmada 70 faizdən çox üstünlüyümüz var idi. İkinci hissə isə daha yaxşı keçdi — oyuna daha yaxşı nəzarət etdik, intensivlik yüksək idi və daha çox qol vurduq. Çempionlar Liqasında səfər oyunları bəzilərinə adi görünsə də, heç vaxt asan deyil. “Sabah”ın baş məşqçisinin oyun fəlsəfəsi aydındır. Onlar həqiqətən cəsarətlə mübarizə apardılar, çox yaxşı epizodlar yaratdılar və müəyyən anlarda bizə çətinliklər törətdilər. Üç xalı qazandığımıza görə çox sevinirəm, eyni zamanda “Sabah”a və buradakı insanlara ən xoş arzularımı çatdırıram”.

Azərbaycana daha əvvəl də gəldiyini qeyd edən H. Flik Bakıdakı inkişafı və insanların qonaqpərvərliyini xüsusi vurğulayıb:

“Şəhəri çox gəzməyə imkanım olmasa da, çox gözəl və rahat oteldə qaldıq. İnsanlar çox qonaqpərvər və mehribandırlar, bunu yüksək qiymətləndirirəm. Səhv etmirəmsə, Azərbaycana dördüncü gəlişimdir, əvvəllər milli komanda ilə, indi isə “Barselona” ilə gəlmişəm. Bura çox gözəl şəhərdir. Böyük inkişafın şahidi oluram, hər şey yaxşılaşır, Bakı daha da gözəlləşir və ümumilikdə böyük dəyişiklik var. Daim inkişafın olması çox vacibdir və mən burada həqiqətən möhtəşəm işlərin görüldüyünü müşahidə edirəm”.

Qeyd edək ki, “Sabah” – “Barselona” matçı İspaniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.