BAKI, 26 noyabr. TELEQRAF
“Bakıda “Barselonanın”nın çoxlu azarkeşinin olduğunu gördük. Açığı, çox xoş oldu. İnsanların sevgisini görmək bizi həmişə sevindirir, buna görə çox xoşbəxtik”.
Teleqraf xəbər verir ki, bunu İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Qavi UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Sabah”a 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
İspaniyalı yarımmüdafiəçi soyuq havaya və meydançanın durumuna baxmayaraq, vacib qələbə qazandıqlarını bildirib:
“Bu, vacib bir qələbədir. Səfərə və soyuq havaya görə bu gün asan olmadı. Meydança da elə yaxşı vəziyyətdə deyildi, bir az quru idi. Amma buna həmişə öyrəşmək lazımdır – bu futboldur və heç vaxt bəhanə ola bilməz. Getdikcə tempimizi artıraraq yaxşı oyun keçirdik. Əvvəlcə bir az çətinlik çəkdik, amma sonra ritm tutduq və sonda qalib gəldik”.
Heyətdəki rotasiyalara və qarşıdakı sıx qrafikə toxunan Qavi əlavə edib:
“Düzdür, digərləri ilə müqayisədə az forma şansı qazanmışıq, amma bu, bəhanə deyil. Komandanın digər üzvləri kimi, sən də meydana çıxanda özünü göstərməlisən. Baş məşqçi həmişə deyir ki, hər bir futbolçunun vaxtı çatanda meydana çıxacaq. Mövsüm uzundur, hər kəs öz rolunu dəqiq bilməli və komandaya titullar qazanmaqda kömək etməlidir. Əsas olan da budur. Qarşıda qış fasiləsinə qədər çətin oyunlar var, lakin buna hazırıq”.
Qeyd edək ki, “Sabah” – “Barselona” matçı İspaniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.