BAKI, 15 noyabr. TELEQRAF

“Nvidia”nın sabiq rəhbəri Censen Huannq ətrafında yaranan qalmaqaldan sonra ABŞ-nin iri şirkətlərinin top-menecerləri şəxsi münasibətlərdə daha ehtiyatlı davranmağa başlayıblar.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, məxfilik səbəbindən bəzi şirkət rəhbərləri ilk görüşlər zamanı qarşı tərəfdən telefondan istifadə etməməyi və görüş yerini heç kimə açıqlamamağı xahiş edirlər. Görüşlər üçün həftəsonu bahalı restoranlar əvəzinə, adətən, iş günlərində kiçik kafelər seçilir. Bəzi rəhbərlər isə şəxsi məlumatların sızması riskinin yüksək olduğunu nəzərə alaraq tanışlıqdan ümumiyyətlə imtina edirlər.

Böyük texnologiya şirkətlərinin rəhbərləri üçün tərəfdaş seçimi ilə məşğul olan şirkətin təsisçisi Emi Andersen WSJ-yə bildirib ki, müştərilərinin istəklərinə uyğun namizəd tapmaq üçün şifrələnmiş məlumat bazasından istifadə edir. Seçilən namizədlər ətraflı yoxlamadan keçirilir və məxfilik haqqında müqavilə imzalayırlar. Şirkətin xidmətlərinin qiyməti 75 min dollardan başlayaraq 500 min dollara qədər yüksəlir.

Qəzetin yazdığına görə, top-menecerləri xüsusilə şəxsi xarakterli fotoların oğurlanması və internetdə saxta videoların (deepfake) yayılması narahat edir. Bəzi hallarda mütəxəssislər namizədlərin müştərinin nüfuzuna zərər vura biləcək hər hansı işlərdə iştirak edib-etmədiyini də araşdırırlar.
Digər bir şirkətin fərdi müştərilərin müdafiəsi üzrə rəhbəri Kodi Şults bildirib ki, namizədin internetdə hər mövzuda açıq müzakirələr aparması və sosial şəbəkələrdə həddindən artıq fəal olması onun uyğun hesab edilməməsi üçün kifayət edə bilər.

Qeyd edək ki, noyabrın 13-də “Nvidia”nın baş direktoru Censen Huang şirkət rəhbəri vəzifəsindən istefa verib, həmçinin direktorlar şurasını tərk edib. Noyabrın 8-də şirkətin direktorlar şurası Huannqla bağlı araşdırmaya başlandığını açıqlamışdı. O, casusluqda şübhəli bilinən qadınla romantik münasibətdə olduğunu etiraf etmişdi.