BAKI, 11 noyabr. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan Antalyada keçirilən COP31 liderlərinin sammiti çərçivəsində İran Prezidenti Məsud Pezeşkyanla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, tərəflər iki ölkə arasında əlaqələrin daha da genişlənəcəyinə əminliklərini bildiriblər.

"Həmsöhbətlər bu yaxınlarda İrəvanda Ermənistan-İran hökumətlərarası komissiyasının iclasında əldə edilən razılaşmaların və onların effektiv şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Tərəflər yüksək səviyyəli ikitərəfli görüşlərin intensiv xarakter daşıdığını qeyd ediblər. Onların Ermənistan və İran arasında müxtəlif sahələrdə əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliklərini bildiriblər", - deyə bəyanatda bildirilir.

Paşinyan və Pezeşkyan iki ölkə arasında əməkdaşlıqla bağlı digər məsələləri də müzakirə ediblər.

Noyabrın 10-da İrəvanda Ermənistan-İran hökumətlərarası komissiyasının iclası keçiriib. İclasda iştirakçılar Ermənistan və İran arasında enerji, nəqliyyat, ticarət, infrastruktur və biznes əlaqələrinin inkişafı üçün əlverişli şərait yaratmağa yönəlmiş birgə proqramların gedişatını nəzərdən keçiriblər.