BAKI, 8 oktyabr. TELEQRAF
Yaponiyada şirkətlərin və dövlət qurumlarının informasiya sistemlərinə kiberhücumların sayı rekord həddə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, 2026-cı ilin ilk doqquz ayında ölkədə 600-dən çox kiberhücum qeydə alınıb. Bu göstərici ötən ilin ümumi nəticəsini artıq geridə qoyub. Belə ki, 2025-ci il ərzində Yaponiyada 593 belə hadisə qeydə alınmışdı.
Bildirilir ki, statistikaya yalnız ictimaiyyətə açıqlanan kiberhücumlar daxil edilib. Bu səbəbdən real hadisələrin sayının daha yüksək olduğu ehtimal edilir.
Ekspertlər uğurlu kiberhücumların artmasında süni intellekt texnologiyalarından istifadənin də rol oynaya biləcəyini düşünürlər. Bununla belə, konkret hücumlarla süni intellekt arasında birbaşa əlaqə hələ müəyyən edilməyib.
Son həftələr Yaponiyada şirkətlərin informasiya sistemlərindən məlumat sızması halları demək olar ki, hər gün qeydə alınır. Hadisələr ölkənin iri korporasiyalarını və maliyyə qurumlarını da əhatə edir.
Xüsusilə, bu həftənin əvvəlində Yaponiyanın ən böyük investisiya şirkətlərindən biri olan “Daiwa Securities”in təxminən 220 min müştərisinə aid məlumatların sızdığı açıqlanıb.