BAKI, 23 noyabr. TELEQRAF
Azərbaycan ilə enerji sektorunda tərəfdaşlığı daha da gücləndirmək istəyirik.
Teleqraf xəbər verir ki, bu barədə İtaliya Sənaye Konfederasiyasının (CONFINDUSTRIA) Kiçik Sənaye bölməsinin vitse-prezidenti Fausto Mazzali Azərbaycan-İtaliya Biznes Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, bu sahədə İtaliya şirkətləri neft-qaz sənayesindən elektrik enerjisi istehsalına, infrastrukturlardan bərpaolunan enerji texnologiyalarına qədər bütün dəyər zənciri boyunca möhkəm mövqeyə və təcrübəyə malikdir:
“TAP bu əməkdaşlığın əhəmiyyətini, Azərbaycanın İtaliya və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni nümayiş etdirir.
Azərbaycanın məhz Orta Dəhliz üzərində yerləşməsi dəmir yolu, liman, avtomobil yolu əlaqələrinin, logistika mərkəzlərinin və multimodal platformaların inkişafı üçün mühüm imkanlar yaradır. İtaliya şirkətləri iri mühəndislik layihələrindən və infrastrukturun layihələndirilməsindən tutmuş nəqliyyat və logistika sistemlərinin rəqəmsallaşdırılmasına qədər geniş spektrdə öz təcrübələrini təqdim edə bilərlər.
Kritik xammal və metallurgiya sahələrində Azərbaycanda daha dolğun sənaye dəyər zəncirlərinin formalaşdırılması üçün mühüm töhfə verə bilərik. Bu, mineral ehtiyatların dəyərinin artırılmasından materialların emalına qədər geniş bir prosesi əhatə edir. Beləliklə, yerli istehsalın daha səmərəli və yüksək əlavə dəyər yaradan sahəyə çevrilməsinə şərait yaradıla bilər”.