BAKI, 2 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranın 2026-cı ilin fevralında nüvə silahı əldə etməsinə üç-dörd həftə qaldığını iddia edib.
Teleqraf xəbər verir ki, Tramp Texasda tərəfdarları qarşısında çıxışı zamanı ABŞ-nin İrana qarşı əməliyyatının başlanmasını xatırladaraq bildirib ki, Tehran nüvə silahı əldə etmək üzrə idi.
“İran nüvə silahı əldə etmək üzrə idi. Buna üç-dörd həftə, bəlkə də daha az vaxt qalmışdı. Əgər onların nüvə silahı olsa, bütün oyun başa çatacaq. Buna imkan verə bilmərik”, - deyə ABŞ lideri bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi sentyabrın sonunda Tehranın nüvə silahı əldə etməyin astanasında olması barədə iddiaları yalan adlandırmışdı.
ABŞ və İsrailin İrana qarşı müharibəyə fevralın 28-də başladığı bildirilir. İyunda Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb.
Lakin iyulun 8-nə keçən gecə ABŞ İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib. Vaşinqton Tehranın Hörmüz boğazı ilə bağlı əldə olunan razılaşmanın şərtlərini pozduğunu iddia edib.
Hörmüz boğazından dünya üzrə neft ticarətinin təxminən 25 faizi və mayeləşdirilmiş təbii qaz ticarətinin təxminən 20 faizi həyata keçirilir.
Daha sonra ABŞ administrasiyası İrana qarşı genişmiqyaslı hərbi güc tətbiqinin dayandırılmasına və ölkəyə sanksiyalar vasitəsilə iqtisadi təzyiq göstərilməsinə keçiləcəyinə dair siqnallar verib.