BAKI, 3 sentyabr. TELEQRAF

Norveç hakimiyyəti Şpitsbergen əyalətinin Barentsburq şəhərində lövbər salmış Rusiyaya məxus "Professor Molçanov" gəmisinə həbs qoyub.

Teleqraf xəbər verir ki, bu addım Ukraynanın "Naftogaz" şirkəti tərəfindən qaldırılan 4,2 milyard dollarlıq iddianın bir hissəsi olaraq avqustun 31-də Nord-Troms Rayon Məhkəməsinin qərarı ilə atılıb.

Gəminin əlavə bildiriş alınana qədər lövbər salma yerlərini tərk etməsi qadağandır.

Şpitsbergen qubernatoru Lars Fause bildirib ki, gəminin heyəti və sərnişinlərinə Rusiyaya qayıtmaqda kömək göstəriləcək.

"Naftogaz" iddia edir ki, gəmiyə qoyulan həbs Haaqa Arbitraj Məhkəməsi tərəfindən şirkətin Krımdakı aktivlərinin itirilməsi ilə bağlı müəyyən edilmiş Rusiyadan 4,2 milyard dolların geri qaytarılması ilə bağlıdır.

Gəminin saxlanılması 2 sentyabrda elan edilib.