BAKI, 13 avqust. TELEQRAF

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 21-ci sanksiyalar paketi çərçivəsində bank sektoruna tətbiq etdiyi yeni məhdudiyyətlər avqustun 13-də qüvvəyə minib.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Yeni tədbirlər Rusiyanın bank sektoruna qarşı tətbiq edilən məhdudiyyətləri nəzərdə tutur və Aİ-nin 21-ci sanksiyalar paketinin bir hissəsidir.

Moskva Qərbin birtərəfli sanksiyalarını qanunsuz və səmərəsiz hesab etdiyini dəfələrlə bəyan edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov iyulun 27-də ölkəsinin Avropa sanksiyalarına uyğunlaşdığını və sanksiya təzyiqi şəraitində iqtisadi inkişafı davam etdirməyin yollarını bildiyini söyləyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Aİ-nin 21-ci sanksiyalar paketinə cavab tədbirlərinin yaxın zamanda açıqlanacağını bildirib.

Regional Siyasətin İnkişafı Mərkəzinin prezidenti İlya Qraşşenkovun fikrincə, Aİ-nin genişmiqyaslı və nisbətən asan razılaşdırılan sanksiya paketləri dövrü sona yaxınlaşa bilər. Onun sözlərinə görə, bundan sonra Brüssel ayrı-ayrı şirkətlərə, banklara, gəmilərə və sanksiyalardan yayınma sxemlərinə qarşı daha çox hədəflənmiş məhdudiyyətlər tətbiq edə bilər.

Ekspert hesab edir ki, bu cür qərarların razılaşdırılması daha asan olsa da, onların siyasi və iqtisadi təsiri əvvəlki genişmiqyaslı sanksiya paketləri ilə müqayisədə daha məhdud ola bilər.