BAKI, 12 avqust. TELEQRAF

Litva hökuməti Belarus və Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi planını təsdiqləyib.

Teleqraf xəbər verir ki, sənəd sərhəd bölgəsində yeni müdafiə zonasının yaradılmasını nəzərdə tutur .

Qəbul edilmiş qərara əsasən, Litvada sərhəd patrul yol xəttindən dərhal sonra 20 metr enində mühəndislik maneələri zonası yaradılacaq.

Litva Ordusu tərəfindən müəyyən edilmiş yerlərdə hərəkətlilik əleyhinə mühəndislik parkları 2028-ci ilin sonuna qədər təchiz olunmalıdır. Daha əvvəl hökumət bu işləri 1 aprel 2025-ci ilə qədər başa çatdırmağı planlaşdırırdı.

Litva Müdafiə Nazirliyi son tarixlərin gecikməsini mühəndislik avadanlığı paketlərinin sayının 27-dən 50-yə qədər artması ilə izah edib.

Litva hökuməti 2024-cü ilin iyul ayında hərəkətlilik əleyhinə tədbirlərin tətbiqi barədə qərar qəbul edib. Rusiya və Belarusla sərhədlər yaxınlığında yaradılan parklar artıq beton "əjdaha dişləri", "kirpi" və "ispan atları" kimi tanınan metal konstruksiyalar, yol blokları, konteynerlər və tikanlı məftillər də daxil olmaqla tank əleyhinə maneələrlə təchiz olunur.

Litvada hərəkətlilik əleyhinə parkların yaradılmasına Ukraynadakı müharibə təcrübəsi nəzərə alınmaqla 2023-cü ildə başlanılıb. Hakimiyyət orqanlarının məlumatına görə, bu cür tədbirlər düşmən qüvvələrini yavaşlatmağa, istiqamətləndirməyə və dağıtmağa imkan verir.