BAKI, 13 avqust. TELEQRAF

Kolumbiya Prezidenti Abelardo de la Espriella dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə ölkədə iqtisadi sahədə fövqəladə vəziyyət elan edib.

Teleqraf xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti mətbuat konfransında bildirib.

“Zərər çəkmiş ərazilərin bərpası prosesini sürətləndirmək həyati əhəmiyyət daşıyır. Buna görə də bu böhranın öhdəsindən lazımi şəkildə gəlmək üçün iqtisadi sahədə fövqəladə vəziyyət elan etmək qərarına gəldiyimi ölkəyə bildirirəm”, - dövlət başçısı deyib.

Prezidentin sözlərinə görə, hakimiyyət zəlzələdən zərər çəkmiş xəstəxanaların, təhsil müəssisələrinin, binaların, yolların və hava limanlarının bərpasına yönəldiləcək ianələrin toplanması üçün xüsusi fond yaradacaq. Fonda xarici ölkələrdən daxil olan yardımlar da cəlb ediləcək.

Fövqəladə vəziyyət çərçivəsində iqtisadi fəallığın bərpası, investisiyaların təşviqi, layihələrin həyata keçirilməsinə maneələrin aradan qaldırılması və zərər çəkmiş bölgələrdə yeni iş yerlərinin yaradılması üçün əlavə tədbirlərin görülməsi nəzərdə tutulur.

De la Espriella hökumətin zərərçəkmiş vətəndaşlara birbaşa yardım göstərilməsi və kiçik biznesin dəstəklənməsi üçün də bir sıra addımlar atacağını bildirib.

Qeyd edək ki, avqustun 10-da Kolumbiyanın qərbindəki Çoko departamentinin San-Xose-del-Palmar şəhəri yaxınlığında 7,4 maqnitudalı zəlzələ baş verib. Son rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində azı 265 nəfər həyatını itirib.