BAKI, 13 avqust. TELEQRAF

İspaniya Şimali Afrikada yerləşən Seuta və Melilya şəhərlərinin statusunun Mərakeşlə müzakirə mövzusu olmadığını bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Madridin açıqlaması Mərakeşin ədliyyə naziri Əbdüllətif Uahbinin Rabatın Seuta və Melilya üzərində suverenlik iddiasını yenidən gündəmə gətirməsindən sonra verilib.

Uahbi “Asharq TV”yə müsahibəsində bildirib ki, Mərakeş İspaniya ilə danışıqlarda bu şəhərlərin statusu məsələsini daim qaldırır və Rabatın uzunmüddətli məqsədi dialoq yolu ilə həllə nail olmaqdır.

Mərakeş 1956-cı ildə müstəqillik əldə etdikdən sonra Seuta və Melilyanı İspaniyanın nəzarətində olan ərazilər hesab edir və onların suverenliyinin Rabata verilməsini tələb edir. İspaniya isə Seuta və Melilyanı öz ərazisinin ayrılmaz hissəsi sayır.

İspaniyanın müdafiə naziri Marqarita Robles Mərakeş nazirinin açıqlamasına sərt reaksiya verib.

“Seuta və Melilya sadəcə ispan deyil, onlar super ispandırlar və onlara toxunmaq olmaz”, – Robles bildirib.

Nazir iyulun sonunda Seutada yaşanan miqrasiya böhranına da toxunaraq şəhərlərə qarşı istənilən hücumun bütövlükdə İspaniyaya qarşı hücum kimi qiymətləndiriləcəyini vurğulayıb.

İspaniya Xarici İşlər Nazirliyi isə ayrıca açıqlamasında ölkənin ərazi bütövlüyünün “heç kimlə müzakirə edilmədiyini və heç vaxt müzakirə olunmayacağını” bəyan edib.

Məsələ iyulun sonunda Seuta sərhədində yaşanan kütləvi miqrant axınından sonra yenidən aktuallaşıb. “Reuters”in məlumatına görə, həmin vaxt təxminən 72 min miqrant qısa müddətdə Seutaya keçib, sərhəddə yaranan izdiham zamanı azı 96 nəfər həyatını itirib.

Mərakeş Daxili İşlər Nazirliyi isə avqustun 15-də yeni kütləvi sərhəd keçidinə dair sosial şəbəkələrdə yayılan çağırışlardan sonra Seuta və Melilya yaxınlığında təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.

Rabat insanları həyatları üçün təhlükə yarada biləcək bu cür çağırışlara qoşulmamağa çağırıb və mümkün kütləvi keçidin təşkilatçılarının məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edib.