BAKI, 2 avqust. TELEQRAF

ABŞ-də süni intellekt sahəsinə yönəldilən iri həcmli investisiyalar gözlənilən nəticəni verməyəcəyi təqdirdə ölkə iqtisadiyyatına ciddi zərər vura bilər.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri yazıb.

Nəşrin məlumatına görə, ABŞ hazırda süni intellekt sahəsinə yönəldilən böyük maliyyə vəsaitləri səbəbindən risk zonasına yaxınlaşır. Bildirilir ki, qarşıdakı dörd il ərzində məlumat emalı mərkəzlərinin (data mərkəzlərinin) tikintisi və inkişafına təxminən 7 trilyon dollar xərclənməsi planlaşdırılır.

WSJ qeyd edir ki, məhsuldarlıq artımı bu investisiyaları doğrultmasa, belə böyük məbləğ ABŞ iqtisadiyyatına ciddi ziyan vura bilər.

Nəşr əlavə edir ki, riskləri artıran əsas amillərdən biri də süni intellekt sənayesinin inkişafı üçün borc vəsaitlərindən istifadənin genişlənməsidir. Məqalədə vurğulanır ki, əgər bu sahədə maliyyə "köpüyü" yaranarsa, onun təsirləri təkcə texnologiya sektorunda deyil, bütövlükdə maliyyə sistemində də hiss oluna bilər.