BAKI, 30 iyul. TELEQRAF

İsrail ABŞ-nin F-35 qırıcısı ilə müqayisə oluna biləcək xüsusiyyətlərə malik pilotsuz döyüş uçuş aparatı hazırlamağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Məlumata görə, İsrail ABŞ-dən aldığı hərbi yardımın həcmini mərhələli şəkildə azaltmağı və bunu silahların birgə hazırlanması və istehsalı proqramları ilə əvəz etməyi nəzərdə tutur.

Plan çərçivəsində F-35 qırıcısı ilə müqayisə oluna biləcək imkanlara malik pilotsuz döyüş təyyarəsinin yaradılması nəzərdə tutulur. Agentliyin mənbəsi bildirib ki, layihənin hazırlanmasına digər ölkələr də cəlb oluna bilər.

Xatırladaq ki, daha əvvəl "Axios" portalı İsrailin Baş naziri Benyamin Netanyahunun iyulun 28-də ABŞ Prezidenti Donald Trampla görüşündə növbəti 10 il ərzində Vaşinqtonun İsrailə göstərdiyi hərbi yardımın həcmini sıfıra endirməyi hədəflədiyini bildirdiyini yazmışdı.