BAKI, 30 iyul. TELEQRAF
Rusiyanın bu gücə Ukraynaya kütləvi hücum həyata keçirəcəyi gözlənilir. Moskva bu hücuma bir neçə gün əvvəl hazırlaşıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
"Ruslar bir neçə gün öncədən böyük bir hücuma hazırlaşırlar və bu gecə hücumun həyata keçirilmə ehtimalı yüksəkdir", - deyə prezident vurğulayıb.
Zelenski Ukraynanın tərəfdaşlarının baş verənləri anlamasının vacibliyini qeyd edib:
“İlk növbədə, bu, ABŞ-a və “Patriot” raketlərinə sahib olan, müdafiəmizi dəstəkləmək üçün onlardan istifadə edə bilən tərəfdaşlara aiddir. Tərəfdaşların hər biri nəyin lazım olduğunu bilir və gecikmənin nəticələrini dəqiq başa düşürlər”.
O həmçinin Ukraynanın bütün bölgələrinin sakinlərini bu gün hava hücumu xəbərdarlıqlarına diqqət yetirməyə çağırdı.
Xatırladaq ki, 29 iyul gecəsi Rusiya Ukraynaya müxtəlif istiqamətlərdən 229 zərbə dronu ilə hücum edib. Hava hücumundan müdafiə qüvvələri yalnız 65 dronu vura bilib.