BAKI, 30 iyul. TELEQRAF

Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Əl Səud Vaşinqtonda ABŞ-nin vitse-prezidenti Cey Di Venslə görüşərək İran ətrafındakı vəziyyəti müzakirə edib.

Teleqraf xəbər verir ki, CNN telekanalının mənbələrə istinadən yaydığı məlumata görə, səudiyyəli nazir vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səudun şəxsi məktubunu Vensə çatdırıb.

Bildirilib ki, Xalid bin Salman Əl Səud görüş zamanı Ər-Riyadın ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatla bağlı mövqeyini də ABŞ rəsmisinə təqdim edib. Mənbələrin sözlərinə görə, Səudiyyə Ərəbistanı münaqişənin gərginliyinin azaldılmasının tərəfdarıdır və hesab edir ki, qarşıdurmanın uzanması ciddi risklər yaradır.

Mənbələr bildiriblər ki, krallıq mülki infrastrukturuna endiriləcək zərbələri "qırmızı xətt" hesab edir və belə bir addımın cavabsız qalmayacağını vurğulayır.

CNN qeyd edib ki, səudiyyəli nazirin ABŞ-yə səfəri qısa olub və o, Cey Di Venslə danışıqlardan dərhal sonra Vaşinqtonu tərk edib.

Bu arada, çərşənbə gecəsi Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Türki əl-Maliki krallığın silahlı qüvvələrinin ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) ilə koordinasiyalı şəkildə İraqdakı hədəflərə dəqiq zərbələr endirdiyini açıqlayıb.

Ər-Riyadın iddiasına görə, vurulan hədəflər İraq ərazisində fəaliyyət göstərən və krallığın neft obyektlərinə hücumlarda iştirak etmiş silahlı qruplaşmalarla əlaqəlidir. Son məlumata əsasən, zərbələr nəticəsində şiə silahlı birləşmələrinin 20 üzvü həlak olub.