BAKI, 30 iyul. TELEQRAF

ABŞ Konqresinin Senatında Rusiyaya və İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi ikinci prosedur səsvermədən keçib.

Teleqraf xəbər verir ki, "C-SPAN" telekanalının iclas yayımına görə, sənədin müzakirəsinin davam etdirilməsinin lehinə artıq 60-dan çox senator səs verib. Bu göstərici qanun layihəsi üzərində işin davam etdirilməsi və yekun səsvermənin planlaşdırılması üçün kifayətdir.

Sənəd üzrə ilk prosedur səsvermə iyulun 28-də keçirilib. Həmin zaman 86 senator qanun layihəsinin lehinə, 12 senator isə əleyhinə səs verib.

Konqresin fəaliyyətini işıqlandıran "Punchbowl News" portalının daha əvvəl yaydığı məlumata görə, Senatda çoxluğa malik respublikaçılar qanun layihəsi üzrə yekun səsverməni həftənin sonunadək keçirməyi planlaşdırırlar.

Qanun layihəsi Rusiyanın yüksək vəzifəli siyasi və hərbi rəhbərliyinə, dövlət şirkətlərinə qarşı məhdudiyyətlərin tətbiqini, həmçinin Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaların nəzərdə tutulmasını təklif edir.

Sənəddə Rusiyanın əsas neft və qaz alıcıları olan ölkələrə qarşı 100 faiz gömrük rüsumlarının tətbiqi imkanının da yer aldığı bildirilir.

ABŞ Prezidenti Donald Tramp iyulun 29-da Senatda hazırlanmış bu qanun layihəsini faktiki olaraq dəstəklədiyini bildirib. Bununla belə, o hesab edir ki, Konqresin Nümayəndələr Palatasının avqust tətilini yarımçıq dayandıraraq sənədi təcili nəzərdən keçirməsinə ehtiyac yoxdur.