BAKI, 30 iyul. TELEQRAF
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşündə Vaşinqton və Tehran arasında sazişin əldə olunması perspektivinə şübhə ilə yanaşdığını bildirib.
Teleqraf xəbər verir ki, "Axios" portalının mənbələrə istinadən yaydığı məlumata görə, tərəflər iyulun 28-də keçirdikləri görüşdə İranla mümkün razılaşmanı, ABŞ-nin dəniz blokadasını davam etdirməsi ehtimalını və İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara keçid məsələsini müzakirə ediblər.
Portalın məlumatına əsasən, Netanyahu İranla sazişin bağlanması şanslarının aşağı olduğunu düşündüyünü ifadə edib.
Mənbələrin sözlərinə görə, İsrailin baş naziri ölkəsinin qoşunlarının Suriyanın cənubundakı bufer zonadan çıxarılması ehtimalını da rədd edib.
Bundan əlavə, Netanyahu növbəti 10 il ərzində ABŞ-nin İsrailə göstərdiyi maliyyə yardımını mərhələli şəkildə sıfıra endirməyi hədəflədiyini bildirib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıblar. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüş əməliyyatlarının dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək ölkəyə qarşı genişmiqyaslı zərbələri bərpa edib. İyulun 24-də isə tərəflər qarşılıqlı hücumları dayandırdıqlarını açıqlayıblar.