BAKI, 30 iyul. TELEQRAF

İranın Kəşfiyyat Nazirliyi "Təkfirçi terror təşkilatı" adlandırılan qrupun dörd əməliyyat bölməsinin məhv edildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Əməliyyat İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində davam edən antiterror tədbirlərinin bir hissəsi olaraq həyata keçirilib.

Departamentin məlumatına görə, əyalət kəşfiyyat bölmələri İran ərazisinə sızmağa cəhd edən dörd mütəşəkkil qrup müəyyən edib. Onların üzvləri Zahedan, Çabahar, İranşəhr, Xaş, Taftan, Nikşəhr və Qəsr-e Qand şəhərlərində keçirilən bir sıra əməliyyatlar zamanı həbs ediliblər.

Əməliyyat nəticəsində qrupların 15 əsas üzvü həbs edilib. İran hakimiyyət orqanlarının məlumatına görə, onlardan bir neçə "Kalaşnikov" avtomatı və sursatlar müsadirə edilib.

Nazirlik bildirib ki, şübhəlilər Sistan və Bəlucistan əyalətlərində iqtisadi obyektlərə, ictimai infrastruktur obyektlərinə, məhkəmə müəssisələrinə və digər strateji əhəmiyyətli obyektlərə qarşı təxribat hücumları planlaşdırıblar. Nazirlik bildirib ki, hücumlar təhlükəsizliyə xələl gətirmək və regionda vəziyyəti qeyri-sabitləşdirmək məqsədi daşıyır.