BAKI, 30 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ölkənin yeni Milli Kəşfiyyat direktoru vəzifəsinə təsdiqlənən Cey Kleytonun seçkilərlə bağlı iddia edilən pozuntulara dair əlavə məlumatları ictimaiyyətə açıqlayacağına ümid etdiyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp jurnalistlərin Kleytonun bu istiqamətdə işi davam etdirib-etdirməyəcəyi ilə bağlı sualını cavablandırarkən deyib: "Əlbəttə, əminəm ki, bunu edəcək".
Tramp daha əvvəl dəfələrlə bəyan edib ki, demokratların Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı yaydığı məlumatlar ölkə tarixinin ən böyük siyasi qalmaqallarından biri olub və ABŞ üçün təhlükə yaradıb. O, bu mövzuda 2025-ci ildə ABŞ Milli Kəşfiyyat Direktorunun Aparatı tərəfindən hazırlanmış hesabata istinad edib. Həmin dövrdə quruma Tulsi Qabbard rəhbərlik edirdi. O, 2026-cı ilin iyununda vəzifəsindən ayrılıb.
Sözügedən hesabata əsasən, ABŞ-nin 44-cü prezidenti Barak Obamanın administrasiyası Donald Trampın 2016-cı il prezident seçkilərində qələbəsindən sonra Rusiyanın seçki prosesinə müdaxilə etdiyini göstərən kəşfiyyat məlumatlarını saxtalaşdırıb. Hesabatda bunun Trampın hakimiyyətə gəlməsinin qarşısını almaq məqsədi daşıdığı iddia olunur. Rusiya isə ABŞ seçkilərinə müdaxilə ilə bağlı ittihamları dəfələrlə əsassız adlandırıb.
Donald Tramp iyunun 11-də daha əvvəl ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına rəhbərlik etmiş Cey Kleytonu Milli Kəşfiyyat direktoru vəzifəsinə namizəd göstərmişdi. ABŞ Senatı iyulun 28-də onun namizədliyini təsdiqləyib. Milli Kəşfiyyat direktoru ABŞ-ın 18 kəşfiyyat qurumunun fəaliyyətini əlaqələndirən əsas vəzifəli şəxs hesab olunur.