BAKI, 30 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Çinin Pakistan vasitəsilə İrana daşınan zenit-raket kompleksləri (DZRK) tədarük edəcəyi ilə bağlı Qərb mətbuatında yayılan iddiaların doğru olacağı təqdirdə Vaşinqtonun bundan ciddi narazı qalacağını bildirib.

Teleqraf xəbər verir ki, Tramp jurnalistlərin Qərb KİV-lərində yer alan məlumatlarla bağlı sualını cavablandırarkən deyib.

ABŞ Prezidenti qeyd edib ki, may ayında Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə keçirdiyi görüşdə bu məsələ də müzakirə olunub.

"Bu, təəccüb doğurardı. Belə hallar baş verir. Amma bu, həqiqətən də təəccüblü olardı. Si Cinpin mənə qəti şəkildə bildirdi ki, onlar İrana hərbi yardım göstərilməsində iştirak etməyəcəklər. O bilir ki, belə bir addım atılsa, bu, məndə böyük məyusluq yaradacaq", - Tramp vurğulayıb.

Xatırladaq ki, aprelin sonunda Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Can Syaoqan Qərb mətbuatında yer alan iddiaları təkzib edərək Pekinin İrana hava hücumundan müdafiə sistemləri və pilotsuz uçuş aparatları tədarük etmədiyini bəyan etmişdi.