BAKI, 30 iyul. TELEQRAF

Pakistanın nəzarətində olan Kəşmir bölgəsində keçirilən regional seçkilər zamanı baş verən etirazlar təhlükəsizlik qüvvələri ilə toqquşmalara səbəb olub.

Teleqraf xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, qadağan olunmuş Kəşmir qruplaşmasının liderləri çərşənbə günü ikinci seçki turundan əvvəl Ravalakot şəhərində baş verən qarşıdurmalarda 30-dan çox insanın öldüyünü iddia ediblər. Lakin rabitə məhdudiyyətləri səbəbindən bu məlumat müstəqil şəkildə təsdiqlənməyib.

Pakistanın hakim Pakistan Müsəlman Liqası – Nəvaz (PML-N) partiyası bazar ertəsi keçirilən səsvermədə Mirpur, Kotli və Bimber rayonlarında 13 seçki dairəsindən 9-da qalib gəlib.

Seçkilərin əvvəlcə iyulun 27-də bir turda keçirilməsi planlaşdırılsa da, hakimiyyət təhlükəsizlik narahatlıqlarını əsas gətirərək səsverməni üç mərhələyə bölüb. İkinci və üçüncü turların avqustun 2-si və 10-da keçirilməsi nəzərdə tutulur.

2021-ci il seçkilərində qalib gələn, Pakistanın keçmiş Baş naziri İmran Xanın yaratdığı Pakistan Təhriki-İnsaf (PTI) partiyası seçkilərdə saxtakarlıq ehtimalını əsas gətirərək prosesi boykot edib.

Etirazlarda ölən və yaralananlar var

Bölgənin əsas etiraz hərəkatlarından biri olan Birgə Avami Fəaliyyət Komitəsi (JAAC) iyun ayında regional hökumət tərəfindən qadağan edilmişdi. Bu qərar ötən ay da ölümcül etirazlara səbəb olmuşdu.

Rəsmilər bildiriblər ki, bazar ertəsi baş verən qarşıdurmalarda bir təhlükəsizlik əməkdaşı ölüb, daha beş nəfər yaralanıb. Bundan əlavə, yerli rəsmilərdən biri Mirpur şəhərində etirazçılar arasında ən azı üç nəfərin öldüyünü bildirib.

Pakistan hakimiyyəti təhlükəsizlik əməliyyatlarını Kəşmir etirazçılarına qoşulan Hindistan tərəfindən dəstəklənən silahlı qrupların olması ilə əsaslandırıb. Hindistan isə bu cür ittihamları əvvəllər də rədd edib.

Müzəffərabad sakini Fazal Mahmud Bayiq seçkiləri tənqid edərək "bütün seçkilərin saxta olduğunu" bildirib. İslamabaddakı etiraz aksiyasının iştirakçısı Sərdar Mazhar isə məsələnin sülh yolu ilə həll edilməsini istədiklərini deyib.

Gərginliyin kökləri uzun illərə gedib çıxır

Pakistanın nəzarətində olan Kəşmirdə siyasi gərginliyin kökləri onilliklər əvvələ gedib çıxır. Regional muxtariyyət tərəfdarları İslamabadı yerli siyasətə müdaxilə etməkdə və bölgənin iqtisadi problemlərinə laqeyd yanaşmaqda ittiham edirlər.

Narazılıqlar son illərdə əsasən iqtisadi məsələlər ətrafında artıb. 2022-ci ildə bölgə sakinləri yüksək elektrik tariflərinə qarşı etiraz aksiyaları keçiriblər.

JAAC 2023-cü ildə yaradıldıqdan sonra seçki islahatları və siyasi dəyişikliklər tələbləri ilə çıxış edib. Hərəkat İslamabadı yerli siyasətə təsir göstərmək üçün parlamentdəki bəzi xüsusi yerlərdən istifadə etməkdə ittiham edir. Pakistan hökuməti isə bu iddiaları rədd edir.

Siyasi analitik Həsən Əskərinin sözlərinə görə, PML-N bölgədə hökumət formalaşdırmaq üçün mübahisəli hesab edilən bəzi yerlərdəki nümayəndələrin dəstəyinə ehtiyac duya bilər.