BAKI, 30 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının Senatdakı fraksiyasının rəhbəri Con Tunun vəzifədə qalıb-qalmayacağı ilə bağlı suala cavabında onun əvəzlənməsi ehtimalını istisna etməyib.
Teleqraf xəbər verir ki, Tramp Ağ evdə jurnalistlərin Senatdakı respublikaçı çoxluğun lideri Con Tunun hələ də bu vəzifəyə layiq hesab edilib-edilmədiyi barədə sualını cavablandırarkən deyib.
ABŞ prezidenti son günlər Con Tunu Senatda administrasiyasının prioritet hesab etdiyi qanunvericilik təşəbbüslərini kifayət qədər fəal irəli aparmamaqda dəfələrlə tənqid edib. Həmin təşəbbüslər arasında federal seçkilərdə səs verən şəxslərin ABŞ vətəndaşlığının yoxlanılması qaydalarının sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi də var.
Trampdan, həmçinin vəfat etmiş respublikaçı senator Lindsi Qremin yerini müvəqqəti tutan bacısı Darlin Qremin fəaliyyətində əsas diqqəti xarici, yoxsa daxili siyasətə yönəldəcəyi soruşulub.
"Düşünürəm ki, əsasən daxili siyasətə", - deyə Tramp bildirib.
Onun sözlərinə görə, Darlin Qrem daha çox inflyasiya ilə mübarizə və qiymətlərin səviyyəsi kimi daxili məsələlərə diqqət ayıracaq.
Qeyd edək ki, Cənubi Karolina ştatının qubernatoru Henri Makmaster iyulun 13-də vəfat edən qardaşı Lindsi Qremin yerinə Darlin Qremi müvəqqəti senator təyin edib. Lindsi Qremin senator səlahiyyətləri 2027-ci ilin yanvarında başa çatmalı idi. Darlin Qrem isə noyabrda keçiriləcək seçkilərdə bu vəzifəyə daimi əsaslarla seçilmək üçün namizəd olacağını açıqlayıb.