BAKI, 30 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp iri neft şirkətlərinin nümayəndələrinin ondan Böyük Britaniya hökumətini Şimal dənizində neft və qaz hasilatını genişləndirməyə razı salmağı xahiş etdiklərini bildirib.

Teleqraf xəbər verir ki, Tramp Ağ evdə jurnalistlərə açıqlamasında deyib ki, neft sənayesində tanıdığı şəxslər ona dəfələrlə Şimal dənizindəki yataqların işlənməsi üçün daha geniş imkanların yaradılmasına kömək etməsini xahiş ediblər.

"Tanıdığım bütün neftçilər mənə deyirdilər: "Zəhmət olmasa, Şimal dənizini açın. Buna nail ola bilərsinizmi?"", - ABŞ Prezidenti qeyd edib.

Onun sözlərinə görə, indiyədək görüşdüyü bütün iri neft şirkətlərinin nümayəndələri Londondan Şimal dənizində karbohidrogen hasilatının artırılmasına icazə verilməsinə kömək göstərməsini istəyiblər.

Tramp bildirib ki, Böyük Britaniyanın əvvəlki baş naziri Kir Starmeri bu addımı atmağa razı sala bilməyib.

ABŞ Prezidenti yeni Baş nazir Endi Börnəmin isə Şimal dənizində neft hasilatının genişləndirilməsi ilə bağlı müsbət mövqe sərgilədiyini vurğulayıb.

"O dedi ki, Şimal dənizinin neft ehtiyatlarının işlənməsinə imkan verəcək. Düşünürəm ki, bu, Birləşmiş Krallığı xeyli zənginləşdirəcək", - Tramp əlavə edib.

ABŞ Prezidenti çıxışı zamanı Böyük Britaniyanın miqrasiya siyasətini də tənqid edib. O bildirib ki, Afrikadan, Cənubi Amerikadan və Asiyanın müxtəlif bölgələrindən gələn miqrant axını ölkəyə mənfi təsir göstərir və bunu "Avropaya müdaxilə" kimi qiymətləndirib.

Qeyd edək ki, Donald Tramp daha əvvəl də Böyük Britaniya hökumətini enerji siyasətinə və Şimal dənizində neft-qaz hasilatının artırılmasından imtina etməsinə görə tənqid edib.