BAKI, 30 iyul. TELEQRAF
Avropanın bir sıra ölkələrində davam edən meşə yanğınları nəticəsində Yunanıstanda üç yanğınsöndürən həlak olub.
Teleqraf xəbər verir ki, güclü külək fonunda Krit adasında və materik Yunanıstanda yanğınlarla mübarizə aparan üç xilasedici həyatını itirib.
Yanğınsöndürmə xidmətinin nümayəndəsi bildirib ki, Krit adasında Kria Vrisi kəndi yaxınlığında iki yanğınsöndürən yanğın ocaqları arasında hərəkət edərkən alovun içində qalıb. Daha bir yanğınsöndürən isə Peloponnes bölgəsində baş verən ayrı yanğın zamanı həlak olub.
Kritdə güclü külək səbəbindən alov nəzarətdən çıxıb. Yerli sakinlərin sözlərinə görə, Kria Vrisi və ətraf kəndlərin sakinləri, eləcə də turistlər təxliyə edilib. Alov məşhur istirahət məkanlarından biri olan Aqia Qalini sahil şəhərinə doğru yayılıb.
Avropa İttifaqının fövqəladə hallar üzrə mərkəzinin rəhbəri bildirib ki, qarşıdakı həftələrdə Yunanıstan və İtaliyada meşə yanğınları riski yüksək olaraq qalacaq.