BAKI, 30 iyul. TELEQRAF
ABŞ Konqresinin Senatının Hüquq Komitəsi Prezident Donald Trampın ölkənin ədliyyə naziri və baş prokuroru vəzifəsinə namizəd göstərdiyi Todd Blanşın təsdiqi ilə bağlı səsverməni qeyri-müəyyən müddətə təxirə salıb.
Teleqraf xəbər verir ki, Komitənin iclası iyulun 30-da keçirilməli idi. Lakin komitənin rəsmi səhifəsində görüşün təxirə salındığı bildirilib.
Donald Tramp apreldə Todd Blanşı ABŞ Ədliyyə Nazirliyinin müvəqqəti rəhbəri təyin etmişdi. İyun ayında isə onun namizədliyini daimi əsaslarla ədliyyə naziri və baş prokuror vəzifəsinə irəli sürüb.
Blanşın bu vəzifəyə təsdiqlənməsi üçün əvvəlcə Senatın Hüquq Komitəsinin, daha sonra isə Senatın tam tərkibinin dəstəyini qazanması tələb olunur.
"The Hill" qəzetinin məlumatına görə, səsvermə Hüquq Komitəsində təmsil olunan bir qrup respublikaçı senatorun tələbi ilə təxirə salınıb.
Onlar Tramp administrasiyasından ABŞ-nin 46-cı Prezidenti Co Baydenin hakimiyyəti dövründə hökumətin sui-istifadəsindən zərər çəkdiyini iddia edən şəxslərə təxminən 1,8 milyard dollar məbləğində kompensasiya fondu yaradılmayacağına dair yazılı təminat istəyirlər.
Qəzet qeyd edir ki, bir çox qanunverici vergi ödəyicilərinin vəsaitinin bu məqsədlə xərclənməsini məqsədəuyğun hesab etmir.