BAKI, 29 iyul. TELEQRAF

Avrasiya İqtisadi Birliyi (AAİB) ölkələrinin ümumi xarici borcu 2026-cı il aprelin 1-nə olan vəziyyətə görə 552,6 milyard dollara çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Economist portalı məlumat yayıb.

Bildirilib ki, AAİB ölkələrinin ümumi xarici borcu son bir ildə 2,9 milyard dollar və ya 0,5 faiz artıb.

Məlumata görə, bu dövrdə Rusiyanın xarici borcu 4,5 faiz və ya 13,9 milyard dollar azalaraq 299,1 milyard dollara düşüb.

Ən yüksək artım Ermənistanda qeydə alınıb. Ölkənin xarici borcu 17 faiz artaraq 20 milyard dollara çatıb.

Hesabata əsasən, Qazaxıstanın xarici borcu 7,5 faiz artaraq 182,8 milyard dollara, Belarusun xarici borcu 2,9 faiz yüksələrək 38,3 milyard dollara çatıb. Qırğızıstanın xarici borcu isə 1,4 faiz artımla 12,4 milyard dollar təşkil edib.