BAKI, 23 iyul. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi Rusiyanın 32 tədqiqat institutu və universitetini qara siyahıya əlavə edərək, onların "texnologiyaları icazəsiz ötürməsi" ilə məşğul olduqlarını iddia edib.

Teleqraf xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Ümumilikdə, Pentaqon bu yenilənmiş siyahıya Rusiya, Çin və İrandan 130 "akademik və tədqiqat" təşkilatını əlavə edib. Bunların arasında Moskva Dövlət Universiteti, Bauman adına Moskva Dövlət Texniki Universiteti, Kuznetsov Dəniz Akademiyası, Kurçatov İnstitutunun Tədqiqat Mərkəzi, Moskva Aviasiya İnstitutu, Moskva Fizika və Texnologiya İnstitutu, Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbi, Dəniz Sualtı Silahları - "Gidropribor" konserni və Rusiyanın ilk prezidenti B.N. Yeltsinin adını daşıyan Ural Federal Universiteti var.

Pentaqon siyahıya əlavə etdiyi təşkilatlarla tədqiqat və inkişaf işləri aparmayacaq. ABŞ ordusuna büdcə vəsaitlərindən bu cür təşkilatlarla əməkdaşlıq üçün qrant kimi istifadə etmək və ya onlarla müqavilələr üçün ödəniş etmək qadağandır.