BAKI, 23 iyul. TELEQRAF

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 21-ci paketi çərçivəsində 170 təşkilata və 48 fiziki şəxsə qarşı məhdudiyyətlər tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə Aİ Şurasının sənədlərində məlumat verilir.

Paketdə 94 Rusiya və dörd xarici banka, həmçinin 33 maliyyə qurumuna qarşı sanksiyalar tətbiq edilib. Brüssel onların aktivlərini dondurularaq maliyyə kreditlərinin verilməsinə qadağa qoyub. Dörd xarici bank arasında Rusiyanın Maliyyə Mesajlarının Ötürülməsi Sisteminə (SPFS) bağlı olan Qırğızıstan bankı da var.

Avropa İttifaqı həmçinin Rusiyanın neft sektoruna qarşı sanksiyaları genişləndirərək, Rusiyadakı üç və Belarusdakı bir neft emalı zavodunu "qara siyahı"ya əlavə edib. Bundan əlavə, Rusiya neftinin qiymət tavanı 15 iyul 2027-ci il tarixinə qədər bir barel üçün 44 dollar səviyyəsində dondurulub.

Afrika ölkələrindəki fəaliyyəti nəzərə alınaraq, "A7" şirkəti ilə əlaqəli dörd qurum sanksiya siyahısına əlavə edilib. Həmçinin Gürcüstan, Panama, BƏƏ, Qırğızıstan və Belarusda yerləşən 14 kripto-platformaya qarşı məhdudiyyətlər tətbiq olunub.

Bundan əlavə, Aİ Rusiyanın metallurgiya sənayesi və qızıl bazarına, həmçinin ən mühüm almaz hasilatı şirkətlərindən birinə qarşı sanksiyaları genişləndirib. Söhbətin konkret hansı şirkətdən getdiyi açıqlanmayıb.

Bundan əlavə, uzun mənzilli dronlar istehsal edən 37 Rusiya istehsalçısı, həmçinin hərbi-sənaye kompleksi ilə əlaqəli daha 56 fiziki və hüquqi şəxs "qara siyahı"ya əlavə edilib.

Rusiyanın "kölgə donanması"na aid daha 41 tankere qarşı sanksiyalar tətbiq edilib. Sanksiya tətbiq olunan gəmilərin ümumi sayı hazırda 673-ə çatıb.