BAKI, 23 iyul. TELEQRAF

ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar apardığını bildirib.

Teleqraf xəbər verir ki, Uitaker bu barədə “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, görüş zamanı ABŞ Prezidenti Donald Trampın pilotsuz uçuş aparatları ilə bağlı sazişi, həmçinin “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin Ukraynaya tədarükü məsələsi müzakirə olunub.

“Prezident Trampın dronlarla bağlı sazişinin bağlanmasını və ‘Patriot’ sistemləri üçün raketlərin tədarükü məsələsində irəliləyişi müzakirə etdik”, - Uitaker qeyd edib.

Bundan əvvəl “Daily Express” nəşri yazmışdı ki, Kiyevə endirilən genişmiqyaslı zərbələrdən sonra Zelenski ABŞ və Avropa ölkələrinə müraciət edərək hava hücumundan müdafiə sistemləri üçün raket tədarükünün artırılmasını istəyib.

Ukrayna lideri bildirib ki, “Patriot” sistemləri üçün raket çatışmazlığı səbəbindən ölkənin hava hücumundan müdafiə qüvvələri Rusiya ballistik raketlərinin bir hissəsini zərərsizləşdirə bilməyib.