BAKI, 23 iyul. TELEQRAF

Əlcəzairin şimal və şimal-şərq bölgələrində baş verən güclü meşə yanğınları nəticəsində azı altı nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə Əlcəzairin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, son sutka ərzində təcili tibbi yardım briqadaları yanğınların baş verdiyi şimal-şərq bölgələrindən 100-dən çox sakini xəstəxanalara çatdırıb. Bildirilib ki, yaralıların vəziyyəti hazırda stabildir.

Mülki müdafiə xidmətinin məlumatına əsasən, son günlər ölkənin şimalında 1 500-dən çox yanğın ocağı qeydə alınıb. Alov meşə massivlərini, palma bağlarını və kənd təsərrüfatı əkin sahələrini məhv edib. Yanğınlar nəticəsində 150-dən çox yaşayış evinə ziyan dəyib, həmin evlərin sakinləri vaxtında təxliyə olunublar.

Qeyd olunur ki, Əlcəzairin, xüsusilə də sahilyanı şimal bölgələri artıq bir həftədən çoxdur meşə yanğınlarının təsiri altındadır. Güclü külək və gündüz saatlarında havanın temperaturunun 35 dərəcədən yuxarı qalxması yanğınların söndürülməsi və lokallaşdırılması işlərini çətinləşdirir.