BAKI, 23 iyul. TELEQRAF
ABŞ və Səudiyyə Ərəbistanı Vaşinqtonun krallığın dinc məqsədli nüvə proqramına dəstəyini nəzərdə tutan saziş imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sənəd iyulun 22-də ABŞ-nin energetika naziri Kris Rayt və Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman Al Səud tərəfindən imzalanıb. Saziş artıq baxılması üçün ABŞ Konqresinə təqdim edilib.
Açıqlamaya görə, bir neçə onillik üçün nəzərdə tutulan saziş ABŞ şirkətlərinin Səudiyyə Ərəbistanının atom energetikasının inkişafı proqramında geniş iştirakına imkan yaradacaq.
ABŞ-nin energetika naziri Kris Rayt bildirib ki, sənəd nüvə təhlükəsizliyi və nüvə silahlarının yayılmaması sahəsində ən yüksək standartlara uyğundur.
Bundan əvvəl "The Wall Street Journal" qəzeti mənbələrə istinadən yazmışdı ki, 30 il müddətinə nəzərdə tutulan saziş çərçivəsində on milyardlarla dollar investisiya ayrılması planlaşdırılır. Nəşrin məlumatına görə, razılaşmanın əsas bəndlərindən biri tərəflərin məqsədəuyğun hesab edəcəyi halda Səudiyyə Ərəbistanında uranın zənginləşdirilməsi obyektinin tikintisini nəzərdə tutur.