BAKI, 23 iyul. TELEQRAF

İraqda korrupsiya və dövlət vəsaitlərinin xaricə çıxarılması ilə bağlı aparılan istintaq çərçivəsində ümumilikdə 45 kiloqram qızıl, milyonlarla dollar dəyərində nağd pul və digər qiymətli əşyalar müsadirə olunub.

Teleqraf xəbər verir ki, bu barədə İraq Ali Məhkəmə Şurasının nümayəndəsi Diya Cəfər açıqlama verib.

Onun sözlərinə görə, əsas təqsirləndirilən şəxs neft nazirinin müavini Adnan əl-Cumeylidir. İstintaq zamanı hər biri 1 kiloqram olmaqla 40 qızıl külçə, təxminən 5 kiloqram qızıl zinət əşyası, 13 milyard İraq dinarı (təxminən 9,9 milyon ABŞ dolları) və 400 min ABŞ dolları nağd pul ələ keçirilib.

Bildirilib ki, qızıl külçələri, zinət əşyaları və pul vəsaitləri Səlahəddin vilayətində bir neçə gizli yerdə saxlanılırdı.

Xatırladaq ki, iyunun sonunda İraqda korrupsiya ittihamı ilə 47 yüksək vəzifəli məmur və parlament deputatı saxlanılıb. Hüquq-mühafizə orqanları müxtəlif vəzifəli şəxslərlə bağlı daha azı 200 həbs orderinin verildiyini açıqlayıb. İraq hakimiyyəti korrupsiyaya qarşı əməliyyatların davam etdiyini və yaxın vaxtlarda Neft və Elektrik Nazirlikləri ilə əlaqəli yeni adların ictimaiyyətə açıqlanacağını bildirib.