BAKI, 23 iyul. TELEQRAF
Yəmənin "Ənsar Allah" (Husilər) hərəkatı Səudiyyə Ərəbistanına məxsus iki neft tankerinə zərbə endirdiyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə hərəkatın yaydığı açıqlamada bildirilib.
Məlumata görə, hücum Qırmızı dənizdə elan edilmiş dəniz blokadasının pozulmasına cavab olaraq həyata keçirilib.
Husilər bildiriblər ki, zərbələr "ENCELIA" və "LAYLA" adlı tankerlərə pilotsuz uçuş aparatları, həmçinin ballistik və qanadlı raketlər vasitəsilə endirilib.
Açıqlamada, həmçinin qeyd olunub ki, əməliyyat nəticəsində daha 10-a yaxın gəmi marşrutunu dəyişərək geri dönməyə məcbur olub.
Husilərin iddiaları ilə bağlı hələlik müstəqil təsdiq və ya Səudiyyə Ərəbistanı tərəfinin rəsmi açıqlaması yoxdur.