BAKI, 23 iyul. TELEQRAF

Fransanın cənubundakı Jirond departamentində baş verən genişmiqyaslı meşə yanğını səbəbindən 5 minə yaxın insan təhlükəsizlik məqsədilə təxliyə olunub.

Teleqraf xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Məlumata görə, Somo kommunası ərazisində başlayan yanğın indiyədək 900 hektar sahəni əhatə edib və alov Arkaşon körfəzinin şimal istiqamətində yayılmaqda davam edir.

Jirond prefekturası qonşu Porj kommunasının 700 sakininin təxliyə edildiyini açıqlayıb. Bundan əlavə, yaxınlıqdakı düşərgədən 3,5 min nəfər, eləcə də köçəri yaşayış məntəqəsinin sakinləri təhlükəsiz əraziyə – Lakano kommunasına köçürülüblər.

Yanğının söndürülməsinə 500 yanğınsöndürən, dörd iri yanğınsöndürmə təyyarəsi və dörd yüngülmühərrikli təyyarə cəlb olunub. Yaxın saatlarda hadisə bölgəsinə əlavə 200 yanğınsöndürənin göndərilməsi planlaşdırılır.