BAKI, 23 iyul. TELEQRAF
ABŞ Silahlı Qüvvələri İrana qarşı növbəti hava zərbələri seriyasını başa çatdırıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, ABŞ hərbi qüvvələri İrana qarşı zərbələri ardıcıl 12-ci gecə həyata keçirib.
"CENTCOM qüvvələri İrana qarşı növbəti zərbələr mərhələsini başa çatdırıb. Əməliyyatlar 12-ci gecə ardıcıl davam etdirilib", - komandanlığın "X" sosial şəbəkəsində yaydığı məlumatda deyilir.
Məlumata görə, zərbələr İranın hərbi hədəflərinə, o cümlədən Hərbi Dəniz Qüvvələrinin obyektlərinə, raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqələrə, sahil müşahidə postlarına və hava hücumundan müdafiə vasitələrinə endirilib.
***
02:20
ABŞ Silahlı Qüvvələri İranda hərbi hədəflərə qarşı növbəti zərbələr seriyasına başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
CENTCOM-un sosial şəbəkədə yaydığı açıqlamada bildirilib ki, əməliyyat ABŞ Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanının əmri ilə həyata keçirilir.
Komandanlıq hücumların İrandakı hərbi obyektləri hədəf aldığını bildirib. Zərbələrin nəticələri və hədəflər barədə əlavə məlumat verilməyib.